"Con Hokvudun qəbirüstü abidəsi" — İtaliya rəssamı Paolo Uççello tərəfindən çəkilmiş freska. Əsər ingiliskondotyeri Con Hokvudun xatirəsinə həsr olunmuş və 1436-cı ildə Florensiya kafedralı üçün sifariş edilmişdir. Freska, İtaliya yarımadasında döyüşmüş muzdlu hərbçinin xatirəsini anan nadir sənət nümunələrindən biri olmaqla yanaşı, perspektiv anlayışının inkişafında mühüm mərhələ hesab olunur. Freskanın sifarişi və sonradan yenidən sifariş edilməsi ilə bağlı siyasi kontekst tarixçilər tərəfindən geniş şəkildə araşdırılmış və müzakirə edilmişdir. Əsər tez-tez Florensiyanın xarici mənşəli bir muzdlu döyüşçünü şəhər qəhrəmanı kimi təqdim etməsi səbəbilə "Florensiya təbliğatı" nümunəsi kimi qiymətləndirilir. Bu yanaşma eyni zamanda digər kondotyerlərə Florensiyaya xidmət etməyin mümkün mükafatlarını vəd edən simvolik bir mesaj kimi də şərh olunur.
Kəmaləddin Behzad — Teymuri və Səfəvi dövrlərində yaşamış rəssam. O, Heratdan (indiki Əfqanıstan) çıxmış və İran miniatür sənətinin inkişafında mühüm rol oynamışdır. Behzad həmçinin, Herat miniatür məktəbinin və bütün Şərqin ən böyük ustadlarından biri kimi tanınmışdır. O, Teymuri dövlətinin son onilliklərində, xüsusilə də Teymuri intibahı dövründə Hüseyn Bayqaranın (hakimiyyəti: 1470–1506-cı illər) sarayında fəaliyyət göstərmişdir. Behzad daha sonralar Səfəvilərin xidmətinə keçmiş və Təbrizdə padşaha məxsus atelyelərdə çalışmışdır. Mənbələrə görə, Behzad Herat Akademiyasında kitabdar vəzifəsini icra etmiş və Herat şəhərindəki Kral Kitabxanasında mühüm mövqedə olmuşdur.