Muzeyşünaslıq

Muzeyşünaslıq (muzeologiya və ya muzey elmi) muzeylərin təşkili, muzeylərin kolleksiyalarındakı əsərlərin qorunması və sərgilənməsi ilə məşğul olan bir elm sahəsidir. Muzeylərin yaranma və inkişaf tarixini, ictimai funksiyalarını, eləcə də muzey işinin nəzəriyyə və metodikasını, XIX əsrin son rübündə formalaşmış muzeyşünaslıq elmi öyrənir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Muzeylərdə əsərlərin qorunması və nümayiş etdirilməsi üçün elmi prinsiplərə əsaslanmaq məqsədi daşıyan ilk tədqiqatlar XVII əsrin sonlarında Fransada, Angiviller qraflığının rəhbərliyi altında başlamışdır. Luvrdakı Böyük Qalereyada yer alan kral kolleksiyasının əsərlərinin xalqa təqdim edilməsi məqsəd qoyulmuşdu. İnqilabdan sonrakı mühit muzeyşünaslıq ilə bağlı tədqiqatlara müsbət təsir göstərdi. Bu işlər İmperiya dövründə inkişaf etdi və sonra Avropaya yayıldı. Napoleon Muzeyinin direktoru Vivant Denon bu işləri birləşdirərək koordinasiyanı təmin etmişdir. XIX əsrin ikinci yarısında muzeologiyaya dair ən əhatəli tədqiqatlar Almaniyada aparılmışdır. Berlin Muzeylərinin direktoru olan və 1903-cü ildə Kaiser Friedrich Muzeyini yaradan Wilhelm von Bode tədqiqatları daha da sürətləndirmişdir. XIX əsrin sonu və XX əsrin əvvəllərində Amerikada yeni muzeylərin inşası nəticəsində aparılan tədqiqatlar müəyyən bir texniki sistemə söykənirdi. Muzeologiya üzrə tədqiqat və metodlardakı birlik Birinci Dünya müharibəsindən sonra yaradılan Beynəlxalq Muzeylər Departamenti tərəfindən həyata keçirilmişdir. Bu agentlik Millətlər Cəmiyyətindən doğan İntellektual Əməkdaşlıq İnstitutunun nəzdində fəaliyyət göstərirdi və fransız dilində Mouseion adlı jurnal da nəşr etdirirdi. İkinci Dünya müharibəsindən sonra, muzeylərdə olan peşəkar insanları bir araya gətirən Beynəlxalq Muzeylər Şurası (ICOM) adlı bir şura yaradılmışdır. UNESCO tərəfindən də tanınan bu şura ilk iclasını Parisdə həyata keçirmişdir. Bu qurumun fəaliyyəti nəticəsində "Mouseion" jurnalının davamı olan "Museum" jurnalı nəşr olunur.
Muzeylərin təsnifatı
[redaktə | vikimətni redaktə et]Dünyada müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Bunlara tarix, ədəbiyyat, bədii, texniki, sənətşünaslıq, təbiət tarixi, memarlıq, sahə muzeyləri, kompleks muzeylər və digərləri daxildir. Muzeyşünaslıqda təsnifat prinsiplərinə dair fərqli yanaşmalar mövcuddur; bəzi mütəxəssislər diyarşünaslıq muzeylərini, qoruq-muzeyləri və memorial muzeyləri profil qruplarına aid etmirlər.[1]
Muzeylərin yaranma və inkişaf tarixini, ictimai funksiyalarını, eləcə də muzey işinin nəzəriyyə və metodikasını, XIX əsrin son rübündə formalaşmış muzeyşünaslıq elmi öyrənir. Sahəyə dair ilk ixtisaslaşmış dövri nəşr olan "Muzeologiya və antik əşyaların öyrənilməsi jurnalı" (alm. Zeitschrift für Museologie und Antiquitätenkunde) 1877-ci ildə Almaniyanın Drezden şəhərində təsis edilmişdir. 1883-cü ildə həmin jurnalda dərc olunmuş "Muzeologiya elm kimi" adlı məqalə ilə bu sahənin elmi istiqamətləri və ictimai potensialı müəyyənləşdirilmişdir.[2]
Muzeyşünas, kulturoloq və sənətşünaslarla yanaşı, filosoflar, tarixçilər, sosioloqlar, iqtisadçılar və digər sahə mütəxəssisləri də "muzey" anlayışına müxtəlif təriflər vermişdir. Bu yanaşmaların müxtəlifliyi muzeyin çoxfunksiyalı və çoxşahəli bir qurum olduğunu göstərir. Müasir meyillərə uyğunlaşan muzeylərin turizm və iqtisadiyyatın inkişafındakı rolu artmaqdadır. "Muzey" anlayışının müxtəlif baxış bucaqlarından şərh olunması muzey fenomeninin mürəkkəbliyi, bu sahənin tam araşdırılmaması və muzeyşünaslığın nisbətən yeni elm sahəsi olması ilə əlaqələndirilir.[3]
Azərbaycanda muzeyşünaslıq
[redaktə | vikimətni redaktə et]

Azərbaycanda muzey quruculuğunun tarixi 1896-cı ildə yazıçı, dramaturq və ictimai xadim Cəlil Məmmədquluzadə tərəfindən Naxçıvanın Nehrəm kənd məktəbində yaradılmış[4] ilk muzeydən başlanır.[5]
1919-cu il dekabrın 7-də şərqşünas Məhəmməd Ağaoğlu və pedaqoq Hüseyn bəy Mirzəcamalovun təşəbbüsü ilə Azərbaycanın ilk dövlət muzeyi olan "İstiqlal" muzeyi yaradılmışdır.[6] 1991-ci il yanvarın 9-da fəaliyyətə başlayan Azərbaycan İstiqlal Muzeyi həmin müəssisənin mənəvi varisi hesab olunur.[7]
Professor Sabir Əmirxanovun tədqiqatlarına əsasən[5], Azərbaycanda muzeylərin yaranması və inkişafı məzmun, forma, eləcə də təşkilati-metodiki əlamətlərinə görə dörd əsas tarixi mərhələyə ayrılır:
- I mərhələ: 1896–1950-ci illər;
- II mərhələ: 1951–1968-ci illər;
- III mərhələ: 1969–1991-ci illər;
- IV mərhələ: 1992–2012-ci illəri əhatə edir.[8]
Dördüncü mərhələni bugünədək uzadaraq müstəqillik dövründə muzey quruculuğu adlandırmaq olar.
1920-ci il mayın 18-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış "Bütün muzeylərin milliləşdirilməsi haqqında" dekretə əsasən, yeni dövlət muzeyinin yaradılması qərara alınmışdır. Həmin ilin iyul ayında "İstiqlal" və "Pedaqoji Muzey"in, eləcə də müxtəlif məktəblərdə fəaliyyət göstərən diyarşünaslıq kabinetlərinin fondları bu muzeyə verilmişdir. Oktyabr ayından etibarən müəssisə Azərbaycan Dövlət Muzeyi (hazırkı Milli Azərbaycan Tarixi Muzeyi) adlandırılmışdır.
Həmin dövrdən etibarən Bakı şəhərində və regionlarda müxtəlif sənət sahələrinə aid muzeylər, tarix-diyarşünaslıq və xatirə muzeyləri təsis edilmişdir. Bu müəssisələrin formalaşmasında Azərbaycan Dövlət Muzeyinin rolu mühüm olmuşdur; bəzi muzeylər məhz Dövlət Muzeyinin müvafiq bölmələrinin bazasında yaradılmışdır.
Azərbaycanda muzey quruculuğu prosesinin genişlənməsi 1969-cu ildən sonrakı dövrə təsadüf edir. Statistik məlumatlara əsasən, 1968-ci ildə respublikada 32 muzey fəaliyyət göstərirdisə, 1991-ci ildə bu müəssisələrin sayı artaraq 128-ə çatmışdır.[9] Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə yeni muzeylərin yaradılması, mövcud muzey binalarının isə əsaslı təmir və bərpası prosesi davam etdirilmişdir.
Azərbaycanda "Milli" statusuna malik dörd muzey fəaliyyət göstərir:
- Milli Azərbaycan Tarixi Muzeyi;[10]
- Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi;[11]
- Azərbaycan Milli İncəsənət Muzeyi;[12]
- Azərbaycan Milli Xalça Muzeyidir.[13]
Hazırda bu müəssisələr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir.[14] Lakin 2022-ci il iyulun 28-dək Milli Azərbaycan Tarixi Muzeyi və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olmuşdur.
Elmi tədqiqatlar
[redaktə | vikimətni redaktə et]Azərbaycanda muzeyşünaslıq elminin inkişafı bir sıra tədqiqatçıların elmi fəaliyyəti ilə bağlıdır. Azərbaycanın muzey tarixi ilk dəfə tarixçi Valentin Qarnik tərəfindən fundamental şəkildə araşdırılmışdır. Müəllifin "Azərbaycan SSR-də muzey quruculuğunun tarixinə dair oçerklər (1920–1964)"[15] adlı əsəri bu sahədə mühüm tədqiqatlardan biri hesab olunur. V. Qarnik həmçinin "Azərbaycanda 1920-ci illərdə diyarşünaslığın təşkili xarakteri və diyarşünaslıq muzeyləri"[16] adlı elmi işində də muzeyşünaslığın tarixi məsələlərinə toxunmuşdur.
Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərmiş tədqiqatçılar müxtəlif illərdə nəşr etdirdikləri elmi əsərləri ilə Azərbaycan muzeyşünaslığının inkişafına təsir göstərmişlər. Bu sahənin formalaşmasında və elmi əsaslarının qurulmasında Davud Şərifov, Saleh Qazıyev, İshaq Cəfərzadə, Püstəxanım Əzizbəyova, Əli Rəcəbli, Nailə Vəlixanlı və digər alimlərin mühüm xidmətləri olmuşdur.[17]
Valentin Qarnik 1980-ci ildə yaradılmış Muzey işi üzrə Elmi-Metodiki Kabinənin ilk rəhbəri olmuşdur. "Azərbaycan muzeyşünaslığı" adlı monoqrafiyanın müəllifi, respublikada "Muzeyşünaslıq" ixtisası üzrə ilk namizədlik dissertasiyasını müdafiə etmiş Elfira Məlikova (Qurbanova) qeyd edir ki, sözügedən kabinənin yaradılması və fəaliyyəti Azərbaycana ilk dəfə "muzeyşünaslıq" (rus. музееведение) anlayışının elmi dövriyyəyə daxil edilməsində mühüm rol oynamışdır.[18]
Azərbaycanda müxtəlif illərdə muzey işini tarix, pedaqogika, sənətşünaslıq və kulturologiya aspektlərindən araşdıran bir sıra dissertasiyalar müdafiə edilmişdir. Bu sahədə aparılan əsas tədqiqatlara aşağıdakılar daxildir:
- Əjdər Yunusov (1986): "Azərbaycan SSR-də muzey quruculuğu tarixi (1920–1980)";[19]
- Sabir Əmirxanov (1997): "Yuxarı sinif şagirdlərinin estetik tərbiyəsinin formalaşmasına incəsənət muzeylərindən istifadənin təsiri";
- Elfira Məlikova (Qurbanova) (1999): "Bədii mədəniyyətin inkişafında incəsənət muzeylərinin rolu" (Respublikada ilk dəfə "Muzeyşünaslıq" ixtisası üzrə müdafiə edilmiş dissertasiya);
- Aytən Baxşıyeva (2002): "Azərbaycanda muzey işi tarixinə dair (Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)";[20]
- Aludə Əhmədova (2002): "Azərbaycan muzeylərində ekspozisiya təşkil edilməsinin estetik prinsipləri";
- Bəhmən Kərimov (2005): "Azərbaycanda tarix-diyarşünaslıq muzeylərinin təşəkkülü və inkişafı tarixi";
- Hicran Sadıqzadə (2008): "Muzeylər vasitəsilə maddi mədəniyyət nümunələrinin toplanması, işlənməsi və təbliği problemləri (Azərbaycan muzeylərinin materialları əsasında;
- Elnurə Kazımzadə (2011): "Azərbaycanın qoruq-muzeyləri və onların milli mənəvi dəyərlər sistemində yeri";
- Nəzmin Cəfərova (2011): "Bakı şəhərinin ədəbiyyat muzeylərinin yaranma və inkişaf tarixi" (rus. История создания и развития литературных музеев города Баку);[21]
- Nailə Əliyeva (2012): "Muzey işinin təşkilində müasir texnologiyalar";
- Fəxriyyə Həvilova (2012): "Azərbaycanın xatirə muzeyləri və onların əhalinin mənəvi tərbiyəsində rolu";
- Vüsalə Məmmədzadə (2012): "Azərbaycanda turizmin təşkilində mədəni irsdən istifadənin muzeyşünaslıq aspektləri";
- Nurlana Bağırova (2013): "Azərbaycan Milli İncəsənət Muzeyinin dekorativ-tətbiqi sənət kolleksiyasının qorunması və təbliğində rolu";
- Altun Mikayıllı (2017): "Nizami muzeyinin xalça fondundakı əsərlərin janr və kompozisiya xüsusiyyətləri";
- Səbinə Babayeva (2021): "Azərbaycanda mədəni turizmin inkişafında milli statuslu muzeylərin rolu";
- Gülsəba Həsənova (2021): "Nizami Muzeyinin heykəltəraşlıq fondunun Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təqdimində rolu".
Sadalanan tədqiqatçılar muzeyşünaslıq elminin müxtəlif istiqamətləri üzrə elmi işlər hazırlayaraq bu sahənin inkişafına təsir göstərmişlər.
Təhsil
[redaktə | vikimətni redaktə et]Azərbaycanda turizmin müxtəlif sahələrinin inkişafı fonunda muzeylərin bu prosesdə iştirakının genişləndirilməsi prioritet istiqamətlərdən biridir. Bu məqsədlə ölkədə "Muzeyşünaslıq" ixtisası üzrə bakalavr, magistr və elmi dərəcəli mütəxəssislərin hazırlanması prosesi həyata keçirilir.
Azərbaycanda "Muzey, arxiv işi və abidələrin qorunması" istiqaməti üzrə kadr hazırlayan ilk kafedra — "Muzeyşünaslıq" kafedrası 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yaradılmışdır. 1992-ci ildə həmin universitetdə bu ixtisas üzrə aspirantura pilləsi açılmış, Elfira Məlikova (Qurbanova) ixtisasın ilk aspirantı olmuşdur.[22]
Hazırda "Muzeyşünaslıq" ixtisası üzrə mütəxəssis hazırlığı yalnız ADMİU-da deyil, həmçinin aşağıdakı ali təhsil müəssisələrində də aparılır:
və digər ali təhsil müəssisələrində aparılır.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Сапанжа, О.С. "Классификация музеев и морфология музейности: структура и динамика". Вопросы музеологии (rus) (1 (5)). 2012: 4.
- ↑ Поправко, Е.А. Музееведение (rus). Владивосток: ВГУЭС. 2005. səh. 3.
- ↑ Cəfərova, N. F.Xəlilli (redaktor). Muzeylər mədəni irsin keşiyində (az.). Hazırlayan. Bakı: AFPoliqrAF. 2025. səh. 154–155.
- ↑ "Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyi". nculture.gov.az (az.). İstifadə tarixi: 1 aprel 2026.
- 1 2 Əmirxanov, S. "Azərbaycanda muzey quruculuğu" (PDF). Qobustan. N°1(155). 2012: 66-70. 01.04.2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2026.
- ↑ Fərəcova, Z. "Azərbaycanın ilk dövlət muzeyi". azerbaijan-news.az (az.). Azərbaycan qəzeti. 7 dekabr 2019. İstifadə tarixi: 1 aprel 2026.
- ↑ "İstiqlal muzeyi". soyqirim.az (az.). Quba Soyqırımı Memorial Kompleksi. İstifadə tarixi: 1 aprel 2026.
- ↑ Əmirxanov, S.A. "Azərbaycanda muzey quruculuğu". Qobustan (az.) (1(155)). 2012: 66.
- ↑ Əmirxanov, S.A. "Azərbaycanda muzey quruculuğu". Qobustan (az.) (1(155)). 2012: 69.
- ↑ Milli Azərbaycan Tarixi Muzeyi. "Haqqımızda". azhistorymuseum.gov.az (az.). İstifadə tarixi: 1 aprel 2026.
- ↑ Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi. "Muzeyin tarixi". nizamimuseum.az (az.). İstifadə tarixi: 1 aprel 2026.
- ↑ Azərbaycan Milli İncəsənət Muzeyi. "Muzeyimiz haqqında". nationalartmuseum.az (az.). İstifadə tarixi: 1 aprel 2026.
- ↑ QSMK. "Azərbaycan Milli Xalça Muzeyi". soyqirim.az (az.). 21 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2026.
- ↑ "AMEA-nın muzeyləri Mədəniyyət Nazirliyinə VERİLDİ" (az.). modern.az. 28 İyul 2022. 2026-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.04.2026.
- ↑ Гарник, В.Я. Очерк истории музейного строительства в Азербайджанской ССР (1920–1964 гг.) (rus). Выпуск 7. Москва: Советская Россия. 1971. 245–291.
- ↑ Гарник, В.Я. "Организация и характер краеведения и краеведческих музеев в Азербайджане в 20-х гг". Труды Музея истории Азербайджана (rus). Баку. 1968.
- ↑ Məlikova (Qurbanova), E. Azərbaycan muzeyşünaslığı (Monoqrafiya (2 cilddə)) (az.). Cild I. Bakı: Elm. 2021. səh. 92.
- ↑ Məlikova (Qurbanova), E. Azərbaycan muzeyşünaslığı (Monoqrafiya (2 cilddə)) (az.). Cild II. Bakı: Elm. 2022. səh. 130.
- ↑ Юнусов, А.Г. История музейного строительства в Азербайджанской ССР (1920–1980 гг.) (rus). 1986.
- ↑ Бахшиева, А. Из истории музейного дела в Азербайджане (на материалах Музея истории Азербайджана) (rus). 2002.
- ↑ Джафарова, Н. История создания и развития литературных музеев города Баку (rus). 2011.
- ↑ Məlikova (Qurbanova), E. Azərbaycan muzeyşünaslığı (Monoqrafiya (2 cilddə)) (az.). Cild II. Bakı: Elm. 2022. səh. 323.
