close
Məzmuna keç

Vivo cantando

Vikipediya, azad ensiklopediya
"Vivo cantando"
Salome, Salome tərəfindən ifa olunmuş mahnı
Dil ispan dili

"Vivo cantando" (hərf."Oxuyaraq yaşayıram") — musiqisi Mariya Hose de Serattoya, sözləri isə Aniano Alkaldeyə məxsus olan, İspaniya müğənnisi Salomenin ifa etdiyi mahnı.[1] Kompozisiya Madriddə keçirilən 1969-cu il Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı təmsil etmiş və yarışmanın dörd qalib mahnısından biri olmuşdur. Bu bəstə İspaniyaya müsabiqə tarixindəki ikinci və hələlik sonuncu qələbəsini qazandırmışdır. Salome bu mahnını katalan, bask, ingilis, fransız və italyan dillərində də yazdırmışdır.[2]

"Vivo cantando" mahnısının musiqisi Mariya Hose de Seratto, sözləri isə Aniano Alkalde tərəfindən yazılmışdır. Bu, sevgilisinin onda yaratdığı müsbət dəyişikliklərdən, xüsusən də artıq tamamilə mahnı oxuyaraq yaşadığından bəhs edən bir qadının dilindən ifa olunan olduqca enerjili bir kompozisiyadır.[3]

Avroviziya Mahnı Müsabiqəsi

[redaktə | vikimətni redaktə et]

20–22 fevral 1969-cu il tarixlərində keçirilən birinci İspaniya Mahnı Festivalında "Vivo cantando" mahnısı Salome və Ana Kironun ifasında yarışmışdır. Bu festival, daxili seçim turları vasitəsilə təmsilçi elan edilən Salomenin 14-cü Avroviziya Mahnı Müsabiqəsində ifa edəcəyi bəstəni müəyyənləşdirmək üçün "Televisión Española" (TVE) tərəfindən təşkil olunmuşdur. Mahnı seçim turunun qalibi seçilərək İspaniyanın müsabiqə bəstəsinə çevrilmişdir. Orijinal ispan dilli versiyası ilə yanaşı, Salome öz namizədliyini təbliğ etmək məqsədilə mahnını daha beş dildə yazdırmışdır; bəstə katalanca "Canto i vull viure", baskca "Kantari bizi naiz", ingiliscə "The Feeling of Love", fransızca "Alors je chante" və italyanca rəsmi adı ilə eyni olaraq "Vivo cantando" kimi təqdim olunmuşdur.[4]

29 mart 1969-cu il tarixində Madridin "Real" teatrında TVE telekanalının təşkilatçılığı ilə Avroviziya Mahnı Müsabiqəsi baş tutmuş və bütün qitədə canlı yayımlanmışdır. Salome həmin gecə Lüksemburqu təmsil edən Romualdın "Catherine" mahnısından sonra və Monakonu təmsil edən Jan-Jakın "Maman, Maman" mahnısından əvvəl, "Los Valldemossa" qrupunun üzvləri olan Rafael, Tomeu və Bernat Estaras qardaşlarının bek-vokal müşayiəti ilə səhnəyə üçüncü sırada çıxmışdır. İspaniya təmsilçisinin çıxışı zamanı canlı orkestri tədbirin musiqi direktoru Auqusto Alqero idarə etmişdir.[5]

Salomenin çıxışı iki yaddaqalan məqamla diqqət çəkmişdir; bunlardan birincisi, dizayner Manuel Perteqas tərəfindən hazırlanan və üzəri uzun çini muncuq telləri ilə bəzədilmiş 14 kq (31 funt) çəkisi olan mavi şalvar-kostyum növündəki geyimi, ikincisi isə müğənninin mahnının müəyyən hissələrində yerində rəqs etməyə üstünlük verməsi olmuşdur. Həmin dövrdə müsabiqənin qaydalarına əsasən səhnədə rəqs etmək qadağan hesab olunsa da, İrlandiya və Böyük Britaniya təmsilçilərinin də eyni addımı atması səbəbindən Salome heç bir cəzaya məruz qalmamışdır.

Səsvermənin yekunlarına əsasən, İspaniya təmsilçisi 18 xal toplamışdır. Eyni xalı Böyük Britaniyanı təmsil edən Lulunun "Boom Bang-a-Bang", Niderlandı təmsil edən Lenni Kurun "De troubadour" və Fransanı təmsil edən Frida Bokkaranın "Un jour, un enfant" mahnıları da qazanmışdır.[6] Həmin dövrdə bərabərlik vəziyyətində qalibi müəyyən edən xüsusi bir qayda mövcud olmadığından, hər dörd ölkə birgə qalib elan olunmuşdur. 1970-ci il müsabiqəsində İspaniyanı "Vivo cantando" mahnısının ardınca Hulio İqlesiasın ifasındakı "Gwendolyne" bəstəsi əvəz etmişdir.[7]

  1. Petridis, Alexis. "All 69 Eurovision song contest winners – ranked!". The Guardian. 11 may 2023. 28 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2024.
  2. "Vivo cantando - lyrics - Diggiloo Thrush". www.diggiloo.net. 17 noyabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2022.
  3. "Spain National Final 1969". natfinals.50webs.com. 28 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2026.
  4. "Spain - 1969". The Diggiloo Thrush. 20 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2026.
  5. Luis, Nuria. "Se cumplen 50 años de Salomé en Eurovisión (y del mono que llevó de Pertegaz)". Vogue Spain (ispan). 29 mart 2019. 20 may 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2026.
  6. "Official Eurovision Song Contest 1969 site". Eurovision Song Contest. 16 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2026.
  7. Sánchez Olmos, Cande; Segarra Saavedra, Jesús; Hidalgo Marí, Tatiana. "'Brand Placement' en los videoclips del Billboard Hot 100: ¿integración o imposición de marcas?". Tripodos (44). 5 fevral 2021: 63–81. doi:10.51698/tripodos.2019.44p63-81. hdl:10045/93914. ISSN 2340-5007.